Almaniya pislədi, Polşa sanksiyalara çağırdı - Lukaşenkonun növbəti qalibiyyətinə sərt təpki

Baxış sayı:
1312

Avqustun 9-da Belarusda keçrilən prezident seçkilərininin nəticələrinə və etirazların zola dağıdılmasına bəzi Avropa ölkələrinin reaksiyası sərt olub.

Almaniya hökuməti Belarusdakı prezident seçkilərinin demokratik seçkilərə dair minimal standartlara cavab vermədiyini, bunun yolverilməz olduğunu bəyan edib. Hökumətin rəsmi sözçüsü Şteffen Saybert nümayişçilərə qarşı güc tətbiqini pisləyib.

Polşa xarici işlər naziri Yatsek Çaputoviç isə AB-nin Belarusa qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hər şey vəziyyətin inkişafından və hakimiyyətin davranışlarından asılı olacaq.

Polşa hökuməti Belarusdakı hadisələrlə bağlı Avropa Birliyi liderlərinin zirvə toplantısının keçirilməsi təklifi ilə çıxış edib. Baş nazir Tadeuş Moravetski AB Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaenə məktub göndərib. O, AB-nin növbədənkənar sammitinin çağırılmasını istəyib: “Belarusdakı prezident seçkilərindən sonra hakimiyyət ölkədə dəyişiklik tələb edən vətəndaşlarına güc tətbiq edib. Biz həmrəy olmalı və azadlığa can atan Belarus xalqını dəstəkləməliyik”.

Litva XİN də rəsmi açıqlama yayaraq Belarusdakı seçkilərin ölkənin beynəlxalq öhdəliklərinə, demokratik standartlara uyğun gəlmədiyini, azad vəədalətli olmadığını vurğulayıb.

Xatırladaq ki, Avropa Birliyi (AB) Belarusda keçirilən seçkilərin nəticələrini şübhə altına alıb

AB-nin xarici işlər və təhlükəsizlk üzrə ali nümayəndəsi Jozep Borrel və genişlənmə üzrə komissar Oliver Vargei tərəfindən verilən birgə açıqlamada bildirilir ki, dinc nümayişçilərə qarşı qeyri-proporsional və qəbuledilməz zorakılığın tətbiq olunması seçki gecəsinə ləkə salıb. Onlar həbs olunanların dərhal azadlığa buraxılmasına çağırıblar. 

"Çox vacibdir ki, səslər diqqətlə sayılsın və nəticələr xalqın seçimini əks etdirsin. Biz Belarusdakı situasiyanı izləməyə davam edəcəyik və bu ölkə ilə münasibətlərimizi bundan asılı olaraq quracağıq”, – deyə Borrel bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyaen də Belarus rəhbərliyini səsləri düzgün saymağa çağırıb. O, minlərlə insanın saxlanıldığnıı vurğulayaraq bu cür repressiyalara Avropada yer olmadığını bəyan edib./Azpolitika.info