"Ali Məhkəmənin sədri Ramiz Rzayev məni aldatdı..." - ŞƏHİD ANASI: "Hakim Zəfər Quliyev ailəmizi aclıqdan məhv edir..." / VİDEO

Baxış sayı:
677

Göyçay rayonu, Cəyirli kənd sakini, şəhid anası Beydullayeva Xəzangül Səftər qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
"Hörmətli Prezident!
Mən şəhid anasıyam və bundan qürur duyuram. Ancaq çox təəssüf olsun ki, mənim çoxsaylı şikayətimə obyektiv baxılmır. Hansı ki, şəhid ailəsinə qarşı edilmiş qanunsuzluq barədə etdiyim şikayətlər Göyçay rayon Məhkəməsinin sədri Zəfər Quliyevə göndərilmiş, o isə heç bir araşdırma aparmadan, başdansovdu yalan cavab məktubları göndərməklə, işini bitmiş hesab edir.
Obyektiv araşdırma aparılarsa, tam subut olunacaq ki, şəhid ailəsinə qarşı yaradılmış problemin kökündə məhz Göyçay rayon Məhkəmsinin sədri Zəfər Quliyev və icra başçısı Mehdi Səlimzadə dayanır.
Göyçay şəhəri Nətavan küçəsi ilə Ə.Məmmədxanlı küçəsinin kəsişdiyi ərazidə yerləşən, mənə bağışlanan mağazanın inşasına Göyçay rayon İcra Hakimiyyəti və digər aidiyyatı qrumlar sənədlərlə razılıq veriblər. Bundan sonra həmin mağaza Əfqan Salmanov tərəfindən inşa edilmişdir. Həmin obyekti Əfqan Salmanov şəhid ailəsi olduğum üçün mənə bağışlamışdır. 
İndi həmin mağazanı zor gücü ilə zəbt etmiş Eldəniz Dursunəli oğlu İbrahimov adlı bir dələduzu Göyçay rayon Məhkəmsinin sədri Zəfər Quliyev və icra başçısı Mehdi Səlimzadə açıq-aşkar müdafiə edirlər. Çünki Eldəniz İbrahimov öz quldurluq cinayətini məhz Göyçay rayon Məhkəmsinin sədri Zəfər Quliyevin və icra başçısı Mehdi Səlimzadə əli ilə leqallaşdıra bilmişdir.
Belə ki, Eldəniz İbrahimovun həmin zəbt etdiyi mağazadan çıxarılması və Əfqan Salmanovun məhkəmədə qaldırdığı iddianın təmin edilməməsi üçün hakimlər heç bir araşdırma aparmadılar, konkret və mötəbər subutlara qiymət vermədilər. Həmin hakimlərin çıxardığı məhkəmə qətnamələrinin yoxlanılmasına zərurət var idi. Çünki sözügedən mağazaların Əfqan Salmanovun inşa etdirməsini təsdiq edən inşaat ustaları, fəhlələr var. Həmçinin, reyestri çıxarışı alınması üçün ilkin razılıq sənədləri var. Ancaq həmin mağazanı zəbt edən Eldəniz İbrahimovun bu obyektə aid heç bir sənədi yoxdur. Əfqan Salmanovun Göyçay rayon Məhkəməsinə verdiyi iddia ərizəsi üzrə keçirilən məhkəmə iclasında 2 nəfər qondarma şahid ifadə verib, qeyd edib ki, həmin mağazanı onlar Eldəniz İbrahimovun sifarişi ilə inşa edib. Bu isə tam yalandır. Həmin iki nəfər şahidin bilə-bilə yalan ifadə verməsini isə təsdiq edən konkret və mötəbər subutlarımız və çoxlu sayda şahidlərimiz var. Bunlara isə Göyçay rayon, Şəki Apellyasiya Məhkəməsi hüquqi qiymət vermədi. Həmçinin, kassasiya şikayətimiz əsassız olaraq təmin edilmədi.

Biz əlavə kassasiya şikayəti vermək üçün 19 iyul 2019-cu il tarixdə Şəki şəhərində Ali Məhkəmənin sədri Ramiz Rzayevin qəbulunda olduq. O yaşda kişi mənə söz verdi ki, ədalətli baxılacaq, ancaq məni aldatdı, bizə 3 aydan sonra məktub göndərdi ki, əlavə kassasiya şikayətinə baxılmasına əsas yoxdur. Çox təəssüf olsun ki, mənim oğlum Dəyanət ermənilərə güllə atıb şəhid olub. Öləsi korrupsionerlər, burada vəzifədə oturan məhkəmə hakimləri və Mehdi Səlimzadir.
Bizə qarşı qanunsuz qətnaməni ilk olaraq Göyçay rayon Məhkəməsinin hakimi Zəfər Quliyev çıxarmışdı. Həmin qanunsuz qətnamənin ləğv edilib, iddianın təmin edilməsi üçün verilmiş apellyasiya və kassasiya şikayətlərini isə Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimləri əsassız, qanunsuz olaraq təmin etməmişdilər.
Mən hazırda külfətdən ibarət ailəmlə birlikdə Cəyirli kəndində, yoxsulluq içində yaşayıram. Çünki ailəmizdə heç kəs işləmir. Evimizə ay ərzində daxil olan pul şəhid məvacibidir. Bu pul isə bizim ailənin 7 gün normal yaşamasına güclə çatır. Qalan 23 günü isə dilənçi vəziyyətində yaşayırıq. Qohumum Salmanov Əfqan Salman oğlu bizim dilənçi günündə yaşamağımızı görüb, humanistlik etdi, özünə məxsus Göyçay şəhəri Nətavan küçəsi ilə Ə.Məmmədxanlı küçəsinin kəsişdiyi ərazidə yerləşən mağazanı bizim ailəyə bağışladı. Buna görə çox sevindik ki, həmin mağazadan əldə olunan gəlirlə insan kimi normal yaşayarıq, aclıqdan məhv olmarıq. Ancaq hakim Zəfər Quliyevin və digər korrupsioner hakimlərin qanunsuz fəaliyyəti buna maneə oldu. Onlar qanunları yox, öz maraqlarını ali tutub, qanunsuzluq etdilər.

Mən şəhid anası olaraq and içirəm bütün şəhidlərin ruhuna ki, Göyçay şəhəri Nətavan küçəsi ilə Ə.Məmmədxanlı küçəsinin kəsişdiyi ərazidə yerləşən həmin mağazanı Salmanov Əfqan Salman oğlu öz halal pulu ilə inşa etdirib, buna isə Göyçay rayon İcra Hakimiyyəti qanuni razılıq sənədi təqdim edib. Göyçay rayon Məhkəməsinin hakim Zəfər Quliyev, Şəki Apellyasiya Məhkəməsinin hakimləri və Ali Məhkəmənin hakimləri konkret subutlara yox, öz maraqlarına görə cavabdeh tərəfin yalanlarını əsas tutub qanunsuz qətnamələr çıxartdılar.
Mən isə inanıb, ümid edirəm ki, Siz şəhid ailəsinin aclıqdan məhv olmasına şərait yaratmış hakim Zəfər Quliyevin və digər aidiyyatı hakimlərin əməllərini araşdırıb, ciddi tədbirlər görülməsinə göstəriş verəcəksiniz.
Əgər bu işə dövlətini sevən ədalətli hakimlər sizin göstərişinizlə baxsalar, obyektiv həqiqət ortaya çıxacaq ki, həmin mağazanı Salmanov Əfqan Salman oğlu qanuni yolla inşa edib, ona məxsus olub. İbrahimov Eldəniz Dursunəli oğlu isə həmin mağazanı zəbt edib. Bu adam fəraridir, mənim oğlum isə şəhid olub. Həmin mağaza qanuni qaydada bizə qaytarılmalıdır.
Qeyd edim ki, mənim oğlum Beydullayev Dəyanət Qiyas oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Bizim ailə buna görə fəxr edirik. Oğlum şəhid olduğu üçün dövlət mənə müavinət verir. Buna görə prezidentimizə minnətdarlığımızı bildiririk. Dövlətin diqqət və qayğısından daima yararlanırıq. Hazırda 6 nəfərlik ailə üzvlərimizdən heç kəs işləmir. Oğlum Qamətlə bir yerdə yaşayıram. Onun himayəsində 3 azyaşlı uşağı var. Bütün ailə mənim aldığım 300 manat şəhid pulunun ümidinə yaşayır. Buna görə çox-çox əziyyət çəkirik.
Mən Prezident cənab İlham Əliyevə inanıram, onun siyasi kursunu həmişə dəstəkləyirik, daima onun arxasındayıq. İnanıram ki, mənim bu müraciətimi müsbət həll edilməsinə köməklik göstərəcək.
Hörmətli Prezident!
Sizdən çox-çox xahiş edirəm, and verirəm şəhidlərimizin müqəddəs ruhuna, bu müraciətimi obyektiv araşdırıb, halal qanuni obyektimizin özümüzə qaytarılmasına yaxından köməklil göstərəsiniz".
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.