ABŞ və İsrail Ermənistandan üz döndərib? – “THE JERUSALEM POST”-un ilginc iddiası

Baxış sayı:
1145

“Avtoritar və quldur rejimlərlə əməkdaşlıqla ad çıxarmış Ermənistan ötən il ABŞ-ın etirazına rəğmən, Rusiya ilə hərbi əməkdaşlıqla bağlı saziş imzalayıb. Sazişə əsasən, Ermənistan hərbçiləri Suriyadakı hərbi missiyada iştirak edirlər”. 

İsrailin “THE JERUSALEM POST” nəşri bu iddia ilə çıxış edib.

Nəşrin iddiasına görə, rəsmi İrəvanın bu ikibaşlı siyasəti ABŞ və İsrail kimi müttəfiqlərinə edilmiş yeganə xəyanət də deyil. İrəvanın İsrail-İran arasında var-gəl edən rəqsvari diplomatiyası da beynəlxalq münasibətlərdə onun etibar tərəfdaş imicini gücləndirir.

İsrailli analitik Pol Millerin qələmə aldığı “Ermənistan-Azərbaycan: münaqişə COVID-19 ilə mübarizəni kölgədə qoydu” sərlövhəli məqaləni təqdim edirik.

““Biz birlikdəyik”… Əslində, bu sözlər koronavirus pandemiyası ilə beynəlxalq mübarizənin ruhunu əks etdirir. Amma elə hökumətlər var ki, münaqişədən başqa heç nə haqda düşünmür və pandemiya ilə mübarizədə belə, həmrəylik nümayiş etdirmir…

İsrail suverenliyini İordan çayının qərb sahilindəki bəzi ərazilər hesabına genişləndirmək istəyir. Fələstin administrasiyası bu üzdən, İsrail və ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırıb. Lakin İsrail parlamentinin deputatı İfat Şaşa-Bitonun (“Likud” partiyası) da dediyi kimi, bütün bunlar İsrailin koronavirusla mübarizə çərçivəsində fələstinlilərə humanitar yardım göstərməsinə mane olmayıb.

Yaşadığımız mürəkkəb dövrdə insan həyatını xilas etmək kimi mənəvi məsuliyyət daşıyırıq”, – deyə israilli deputat parlamentin xüsusi komitəsinin ötən həftə koronavirusla mübarizəyə həsr edilmiş iclasında bildirib: “Fələstin hökumətinin İsraillə koordinasiyalı əməkdaşlığı dayandırmasına baxmayaraq, İsrail fələstinlilərdən üz çevirmir, onları tibbi ləvazimatlarla təmin edir. Bu, insan həyatının xilası deməkdir”.
 
Fələstin administrasiyası BƏƏ-nin göndərdiyi böyük həcmdə tibbi ləvazimat və dərmanlardan da imtina edib. Səbəb kimi, BƏƏ-nin bu işi İsraillə koordinasiya etməsi göstərilir. Əslində, Fələstin bununla tamamilə əks yanaşma ortaya qoyub. Başqa sözlə, onun münaqişə ilə bağlı prioritetləri və mülahizələri COVID-19 ilə mübarizəyə kölgə salır. Amma Fələstin bu işdə tək deyil. Məsələn, pandemiyanın yayıldığı ilk dövrdə İran həm ABŞ, həm də “Sərhədsiz həkimlər” qeyri-hökumət təşkilatının yardımlarından imtina etmişdi. O zaman İranın ali dini lideri ayətullah Əli Xamneyi demişdi ki, “ABŞ-ın tibbi ləvazimatları koronavirusu daha çox yaya bilər”. Xamneyi hesab edirdi ki, bu virus iranlıların genetik məlumatlarından istifadə edilməklə, xüsusi olaraq onun ölkəsinə qarşı yaradılıb. Onun fikrincə, amerikalılar iranlıların genetik məlumatlarını müxtəlif yollarla əldə edir.

Daha bir nümunə Ermənistanın davranışı, daha konkret desək, onun Azərbaycanın təşəbbüsünə qarşı çıxmasıdır. Bakı COVID-19 ilə mübarizə çərçivəsində BMT Baş Assambleyasına videokonfrans şəklində xüsusi sessiya çağırmasını təklif edib. İrəvanın BMT-dəki səfiri Mqer Marqaryan isə qurumun baş katibi Antonio Quterreşə ünvanladığı məktubda iddia edir ki, BMT-yə üzv dövlətlər böhranın aradan qaldırılması üçün artıq lazımi addımları atıb: “Mən ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün inklüziv təşkilata ehtiyacın olduğunu anlayıram. Amma bu hədəfə çatmaq məqsədilə üzv ölkələrin mövcud müzakirə platformalarından və formatlardan faydalanmasına şərait yaradılmalıdır”.

Erməni səfir bu zaman BMT Baş Assambleyasının pandemiya ilə mübarizədə qlobal həmrəyliklə bağlı qəbul etdiyi iki qətnaməyə istinad edib. Bundan başqa, o, BMT-nin İqtisadi və Sosial Şurasını COVID-19 ilə mübarizədə koordinasiya platforması kimi nümunə göstərib.

Maraqlıdır ki, Mqer Marqaryan Ermənistanın koronavirus pandemiyası ilə effektli, praktik və nəticəyə hesablanmış cavab tədbirlərinin həyata keçirilməsi öhdəliyinə sadiq olduğunu bəyan edib. Əlbəttə, onun arqumentləri yumşaq desək, həqiqəti əks etdirmir.

Marqaryanın məktubunda İrəvanın xüsusi sessiyanın çağırılmasına qarşı çıxmasının əsl səbəbi göstərilmir. Amma hər kəsə məlumdur ki, əsl səbəb Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə uzun müddətdir davam edən münaqişədir. Məhz BMT-nin qətnamələrində Azərbaycan ərazisi kimi təsbit edilmiş Dağlıq Qarabağ regionu Ermənistan tərəfindən işğal olunub.

Nəhayət, ABŞ-dakı erməni lobbisi ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı təklif etdiyi “Madrid prinsipləri”ni də rədd edir. Bu inkarçı yanaşma Fələstinin İsraillə münasibətlərdə uzun müddətdir ortaya qoyduğu uzlaşmazlıq modelini xatırladır.

Ermənistanın BMT Baş Assambleyasına videokonfrans şəklində xüsusi sessiyasına qarşı çıxması əslində, İrəvanın xarici siyasətində çox sayda problemin olduğunu göstərir. Avtoritar və quldur rejimlərlə əməkdaşlıqla ad çıxarmış Ermənistan ötən il ABŞ-ın etirazına rəğmən, Rusiya ilə hərbi əməkdaşlıqla bağlı saziş imzalayıb. Sazişə əsasən, Ermənistan hərbçiləri Suriyadakı hərbi missiyada iştirak edir. Bundan başqa, İrəvanın Tehranla da sıx əlaqələri var. Bu ölkə beynəlxalq sanksiyalara, o cümlədən ABŞ-ın sanksiyalarına rəğmən, İrana yardım göstərir. Bu azmış kimi, İrəvan rəsmiləri ötən ay iranlı həmkarlarını Ermənistanın İsraildə səfirlik açmasına razı salmağa çalışıb. Ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib ki, guya İrəvan yürütdüyü siyasətlə müxtəlif, xüsusilə, vacib tərəfdaşlarının siyasətini əlaqələndirir: “Amma bu zaman Ermənistan şəxsi maraqlarına uyğun addım atır. Digər tərəfdən, İrəvan müxtəlif əlaqələrə zərbə vurmur, çünki əks təqdirdə bu, milli təhlükəsizliyə mənfi təsir göstərə bilər”.

Maraqlıdır ki, Ermənistanın xarici işlər nazirinin bəyanatında bu ölkənin “şəxsi maraqlarına uyğun addımlar atdığı” xüsusi qeyd edilir. İrəvan bir-birinə rəqib olan iki ölkə ilə, yəni həm İsraillə, həm də İranla əlaqələri dərinləşdirmək niyyətindədir. Odur ki, erməni nazirin dedikləri bu məsələdə bəlkə də həqiqətə oxşayan yeganə izahdır.

Hər halda, İrəvan Bakının BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırması təklifinə qarşı çıxıb. Bu, ən azı İsraillə ABŞ-a belə çətin dövrdə Avrasiyada hansı ölkənin daha uyğun müttəfiq olduğunu göstərməlidir”./ovqat.com